“Biz bu barədə dəfələrlə danışmışıq. Elə sahələr var ki, Azərbaycanın qeyd etdiyi konturlar və Ermənistanın razılaşdığı sahələr var. İndi prosesi belə təşkil etmək olar ki, bu sahələr müəyyən olunsun, onların hüquqi əsasları götürülsün və sonra iki proses baş verəcək: birincisi, ərazilərin mübadiləsi, ikincisi isə hər şeyi olduğu kimi saxlamaq və sadəcə olaraq müəyyən məkan tənzimləmələri aparmaq...”
Hafta.az xəbər verir ki, bunu Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan dekabrın 29-da İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın 8 kəndin qaytarılması ilə bağlı verdiyi açıqlamalara toxunaraq söyləyib.
“Tənzimləmə dedikdə onu nəzərdə tuturam ki, bu ərazilər barədə müəyyən mülahizələr var və delimitasiya, demarkasiya deyilən proses bu suala cavab verə bilər. Fikrimcə, sərhədlərin demarkasiyası və delimitasiyası zamanı həmin işçi qrupu çərçivəsində bu suala cavab vermək olar”, - deyə davamında erməni nazir bildirib.